Birgə Texnologiyalar Parkı haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 sentyabr 2016-cı il tarixdə 370 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Qərar”). Qərar, Azərbaycan Respublikasının Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanına istinad edilərək qəbul edilmişdir.

Qərarla, Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası (bundan sonra “Qayda”) təsdiq edilmişdir.

Qayda birgə texnologiyalar parkının (bundan sonra “Birgə Texnopark”) fəaliyyətinin təşkili və idarə edilməsi məsələlərini tənzimləyir. Qaydanın əsas məqsədlərindən biri innovasiya və yüksək texnologiyalar sahəsinə özəl və xarici investisiyaların cəlb edilməsidir.

Qayda dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara şamil olunur və həmin torpaqlarda, investorların iştirakı ilə, Birgə Texnoparkın yaradılmasını nəzərdə tutur. Birgə Texnoparklar ixtisaslaşmış və qarışıq profilli ola bilər.

Birgə Texnoparkın yaradılmasında iştirak etmək üçün investor investisiya təklifi ilə, torpağın mülkiyyətçisindən asılı olaraq, aşağıda qeyd olunan qaydada lazımi sənədləri təqdim etməklə müraciət edir:

1. Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə:
• mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsinə (bundan sonra “Dövlət qurumu”);
• Birgə Texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə həmin dövlət elm və təhsil müəssisəsinə (bundan sonra “Təhsil müəssisəsi”);

2. Bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə:
• müvafiq bələdiyyəyə;

3. Xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə:
• xüsusi mülkiyyətçiyə.

Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə investorun təklifinin dəyərləndirilməsi Dövlət qurumunda və Təhsil müəssisəsində yaradılan qiymətləndirmə komissiyası (bundan sonra “Komissiya”) tərəfindən həyata keçirilir. Təhsil müəssisəsinin nəzdində olan Komissiyanın investorun təklifinə dair rəyi müsbət olduqda, həmin rəy Azərbaycan Resublikasının Nazirlər Kabinetinə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Dövlət qurumunun nəzdində olan Komissiyanın investorun təklifinə dair rəyi müsbət olduqda, həmin təklif birbaşa Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Birgə Texnoparkın yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara dair Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara dair müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara dair xüsusi mülkiyyətçi qəbul edir.

Birgə Texnoparkın yaradılması haqqında qərar müsbət olduqda, Birgə Texnoparkın idarə olunması investorun və torpağın mülkiyyətçisindən asılı olaraq dövlətin/bələdiyyənin/xüsusi mülkiyyətçinin iştirak payına əsasən yaradılan idarəedici təşkilat tərəfindən həyata keçirilir.