Capital Legal Services Legal500-də

Capital Legal Services Legal500-də

Capital Legal Services Legal500-də “beynəlxalq hüquq firmaları ilə rəqabət aparmağa qadir olan” bir hüquq firması kimi tanınmasını elan etməkdən məmnunluq duyur. Bundan əlavə, şirkətimizin hüquqşünası Elnur Eyvazov Legal500 tərəfindən Azərbaycan üzrə 2 “yeni nəsil hüquqşünas”dan biri seçilmişdir.

Legal500 dünya üzrə hüquq firmalarının fəaliyyət qabiliyyətini əhatəli tədqiqat aparmaqla təhlil edir. Legal500 dünya üzrə hüquq firmalarının reytinqini qiymətləndirir, nəticələri isə Legal500 səhifənin üst hissəsində “Rankings” böməsində göstərir.

Dövlət rüsumlarından azadolma

Azərbaycan Respublikasının Prezidenti “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə 14 oktyabr 2016-cı il tarixində Qanun imzalamışdır (bundan sonra “Dəyişiklik”). Dəyişiklik “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar qəbul edilmişdir.

Dəyişiklik investisiya fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident hüquqi şəxsləri, onların filiallarını və daimi nümayəndəliklərini əhatə edir.

Dəyişikliyə əsasən investisiya layihələrini “Tik – İdarə et – Təhvil ver” modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Qrant haqqında

8 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalamışdır (bundan sonra “Fərman”).

Fərmana əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi əlavə edilmişdir.

Kredit Büroları haqqında

Azərbaycan Respublikasının Prezidenti 7 dekabr 2016-cı il tarixində Fərman imzalamışdır (bundan sonra “Fərman”). Fərman “Kredit Büroları Haqqında” 384-VQ nömrəli 28 oktyabr 2016-cı il tarixli Qanunun tətbiqini təmin etmək məqsədi ilə imzalanmışdır (bundan sonra “Qanun”).

Qanun məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılan Kredit Bürolarının fəaliyyəti ilə bağlı məlumatı əhatə edir. Kredit Büroları lisenziya əsasında fəaliyyət göstərir və kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir.

Kredit və sığorta təşkilatları, mobil operatorlar, notariuslar, məhkəmə və istintaq orqanları Kredit Bürolarından kredit hesabatlarını ala bilərlər.

“Tik – İdarə et – Təhvil ver” modeli

7 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilən “Tik-İdarə et-Təhvil ver” modeli ilə bağlı Qayda qəbul edilmişdir (bundan sonra “Qayda”). Qayda “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanuna əsasən qəbul edilmişdir (bundan sonra “Qanun”).

Qayda aşağıda qeyd olunan məsələləri tənzimləyir:

• Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-İdarə et-Təhvil ver” modeli (bundan sonra “TİT” modeli) çərçivəsində həyata keçirilməsi şərtləri;
• Tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər;
• İnvestisiya layihələrinin həyata keçirilməsi ilə əlaqədar bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri;
• İnvestisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi.

İnvestor dedikdə, investisiya fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident hüquqi şəxslər, onların filialları və daimi nümayəndəlikləri nəzərdə tutulur. Qaydaya əsasən investisiya layihəsi üzrə investorlar müsabiqə və ya birbaşa cəlbetmə yolu ilə seçilirlər.

“TİT” modelinə əsasən Qanunla müəyyən olunan tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərcləri (əldə ediləcək gəlir də daxil olmaqla) investora, investorun istehsal etdiyi mal və xidmətlərin satınalması yolu ilə istehlakçılar və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.
“TİT” modelinə dair müqavilə 49 ildən artıq olmayan müddətə bağlanır.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında

Azərbaycan Respublikası Hökuməti 10 fevral 2016-cı il tarixdə İsveç Krallığı Hökuməti və 29 aprel 2016-cı il tarixdə Malta Respublikası Hökuməti ilə gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı konvensiyalar və onların müvafiq protokollarını (bundan sonra “Sazişlər”) imzalamışdır.

Sazişlərin təyinatı aşağıdakılardır:

• İkiqat vergitutmanın aradan qaldırılması;
• Vergidən yayınmanın qarşısının alınması.

Azərbaycan Respublikasının Prezidenti 30 sentyabr 2016-cı il tarixində İsveç Krallığı və Malta Respublikası Hökumətləri ilə imzalanan Sazişlərin təsdiq edilməsinə dair müvafiq olaraq 309-VQ və 310-VQ nömrəli Qanunları imzalamışdır.

Azərbaycan Respublikası Hökuməti ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı beynəlxalq sazişləri İsveç Krallığı və Malta Respublikası daxil olmaqla, 51 ölkə ilə imzalayıb. 47 ölkə ilə imzalanan beynəlxalq sazişlər qüvvəyə minib.

Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra “Nazirlər Kabineti”) “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi ilə bağlı 11 oktyabr 2016-cı il tarixdə, 409 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Dəyişikliklər”). Dəyişikliklər “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”na müvafiq olaraq qəbul edilmişdir (bundan sonra “Qaydalar”).

Dəyişikliklərə əsasən qısa idxal bəyannaməsinin verildiyi halların sayı artırılmışdır. Belə ki, Dəyişikliklərdən öncə qısa idxal bəyannaməsi aşağıda qeyd olunan hallarda gömrük orqanlarına təqdim olunurdu:
• gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə;
• mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə.
Dəyişikliklərə müvafiq olaraq yuxarıda qeyd olunan hallardan başqa, malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən (bundan sonra “Buraxılış sistemləri”) istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin gömrük orqanlarına elektron formada təqdim edilməsi nəzərdə tutulmuşdur.
Qaydalara istinad edərək Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi ilə bağlı 11 oktyabr 2016-cı il tarixdə 408 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Qərar”). Qərara əsasən buraxılış sistemlərinin tətbiq olunması qısa idxal bəyannaməsi əsasında həyata keçirilir.
Qısa idxal bəyannaməsinin və buraxılış sistemlərinin tətbiq olunmasının əsas məqsədi gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsidir.

Birgə Texnologiyalar Parkı haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 sentyabr 2016-cı il tarixdə 370 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Qərar”). Qərar, Azərbaycan Respublikasının Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanına istinad edilərək qəbul edilmişdir.

Qərarla, Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası (bundan sonra “Qayda”) təsdiq edilmişdir.

Qayda birgə texnologiyalar parkının (bundan sonra “Birgə Texnopark”) fəaliyyətinin təşkili və idarə edilməsi məsələlərini tənzimləyir. Qaydanın əsas məqsədlərindən biri innovasiya və yüksək texnologiyalar sahəsinə özəl və xarici investisiyaların cəlb edilməsidir.

Qayda dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara şamil olunur və həmin torpaqlarda, investorların iştirakı ilə, Birgə Texnoparkın yaradılmasını nəzərdə tutur. Birgə Texnoparklar ixtisaslaşmış və qarışıq profilli ola bilər.

Birgə Texnoparkın yaradılmasında iştirak etmək üçün investor investisiya təklifi ilə, torpağın mülkiyyətçisindən asılı olaraq, aşağıda qeyd olunan qaydada lazımi sənədləri təqdim etməklə müraciət edir:

1. Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə:
• mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsinə (bundan sonra “Dövlət qurumu”);
• Birgə Texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə həmin dövlət elm və təhsil müəssisəsinə (bundan sonra “Təhsil müəssisəsi”);

2. Bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə:
• müvafiq bələdiyyəyə;

3. Xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə:
• xüsusi mülkiyyətçiyə.

Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə investorun təklifinin dəyərləndirilməsi Dövlət qurumunda və Təhsil müəssisəsində yaradılan qiymətləndirmə komissiyası (bundan sonra “Komissiya”) tərəfindən həyata keçirilir. Təhsil müəssisəsinin nəzdində olan Komissiyanın investorun təklifinə dair rəyi müsbət olduqda, həmin rəy Azərbaycan Resublikasının Nazirlər Kabinetinə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Dövlət qurumunun nəzdində olan Komissiyanın investorun təklifinə dair rəyi müsbət olduqda, həmin təklif birbaşa Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Birgə Texnoparkın yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara dair Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara dair müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara dair xüsusi mülkiyyətçi qəbul edir.

Birgə Texnoparkın yaradılması haqqında qərar müsbət olduqda, Birgə Texnoparkın idarə olunması investorun və torpağın mülkiyyətçisindən asılı olaraq dövlətin/bələdiyyənin/xüsusi mülkiyyətçinin iştirak payına əsasən yaradılan idarəedici təşkilat tərəfindən həyata keçirilir.

Qeyri-neft məhsullarının ixracının təşviqi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 oktyabr 2016-cı il tarixdə, 401 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Qərar”). Qərar Azərbaycan Respublikasının Prezidentinin Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanını təmin etmək məqsədi ilə qəbul edilmişdir.

Qərar 1 mart 2016-cı il tarixindən etibarən tətbiq edilir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olacaqdır.

Qərarda ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının siyahısını təsdiq edilir. Qərar həmçinin “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı (bundan sonra “Qayda”) və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”-ı (bundan sonra “Əmsallar”) təsdiq edir.

Qayda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə (bundan sonra “Şəxslər”) dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi qaydasını tənzimləyir.

Qaydaya əsasən ixrac təşviqinin məbləğinin müəyyən olunması ixrac təşviqinin baza məbləğinə və Qərar ilə təsdiqlənmiş Əmsallara əsasən aşağıda qeyd olunan qaydada hesablanır:

ixrac təşviqinin baza məbləği x məhsulun əmsalı = ixrac təşviqinin məbləği

İxrac təşviqinin baza məbləği dedikdə, ixrac olunmuş malın gömrük dəyərinin üç faizi nəzərdə tutulur. İxrac olunmuş malın gömrük dəyəri ixrac gömrük bəyannaməsinə əsasən müəyyən olunur.

İxrac təşviqinin ödənilməsi Şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciəti əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyii tərəfindən həyata keçirilir və Azərbaycan Manatı ilə ödənilir.

İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Qərarda dəyişikliklər edilməsi ilə bağlı 23 sentyabr 2016-cı il tarixdə, 367 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Qərar”).

Qərar 1 noyabr 2016-cı il tarixində qüvvəyə minir və 2 il müddətində qüvvədə olacaqdır.

Qərar Azərbaycan Respublikasının ərazisinə gətirilən bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumlarına şamil olunur. Qərara əsasən gömrük idxal rüsumları bu malın gömrük dəyərinə (sığorta və nəqliyyat xərcləri) görə deyil, ölçü vahidinə əsasən ABŞ dolları ilə hesablanır.

Qərar aşağıdakı mal mövqelərinə şamil olunur və qeyd olunan mal mövqeləri aşağıda göstərilən ölçü vahidinə görə hesablanır:

• Ət və qida üçün yararlı ət əlavələri – 1 kq ilə;
• Süd məhsulları, quş yumurtası, təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları – 1000 ədəd ilə;
• Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları – 1 kq ilə;
• Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları – 1 kq ilə;
• Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement – 1 kq ilə;
• Daş, gips, sement, asbest, slyuda və analoji materialdan məmulatlar – 1 m2/1 kq ilə;
• Keramika məmulatları – 1 kq/1000 ədəd/1 m2 ilə.

Aşağıda qeyd olunan mal mövqeləri istisna təşkil edir və gömrük dəyərinə görə faizlə hesablanır:

• Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları – 15%, lakin 1 litri 0,7 ABŞ dollarından az olamamaq şərti ilə;
• Spirtli və spirtsiz içkilər və sirkə – 15%, lakin 1 litri 0,7 ABŞ dollarından az olamamaq şərti ilə.

Qərar qeyd olunan mal mövqelərinin bütün mallarını əhatə etmir.