Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra “Nazirlər Kabineti”) “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi ilə bağlı 11 oktyabr 2016-cı il tarixdə, 409 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Dəyişikliklər”). Dəyişikliklər “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”na müvafiq olaraq qəbul edilmişdir (bundan sonra “Qaydalar”).

Dəyişikliklərə əsasən qısa idxal bəyannaməsinin verildiyi halların sayı artırılmışdır. Belə ki, Dəyişikliklərdən öncə qısa idxal bəyannaməsi aşağıda qeyd olunan hallarda gömrük orqanlarına təqdim olunurdu:
• gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə;
• mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə.
Dəyişikliklərə müvafiq olaraq yuxarıda qeyd olunan hallardan başqa, malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən (bundan sonra “Buraxılış sistemləri”) istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin gömrük orqanlarına elektron formada təqdim edilməsi nəzərdə tutulmuşdur.
Qaydalara istinad edərək Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi ilə bağlı 11 oktyabr 2016-cı il tarixdə 408 nömrəli Qərar qəbul etmişdir (bundan sonra “Qərar”). Qərara əsasən buraxılış sistemlərinin tətbiq olunması qısa idxal bəyannaməsi əsasında həyata keçirilir.
Qısa idxal bəyannaməsinin və buraxılış sistemlərinin tətbiq olunmasının əsas məqsədi gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsidir.