“Tik – İdarə et – Təhvil ver” modeli

7 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilən “Tik-İdarə et-Təhvil ver” modeli ilə bağlı Qayda qəbul edilmişdir (bundan sonra “Qayda”). Qayda “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanuna əsasən qəbul edilmişdir (bundan sonra “Qanun”).

Qayda aşağıda qeyd olunan məsələləri tənzimləyir:

• Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-İdarə et-Təhvil ver” modeli (bundan sonra “TİT” modeli) çərçivəsində həyata keçirilməsi şərtləri;
• Tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər;
• İnvestisiya layihələrinin həyata keçirilməsi ilə əlaqədar bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri;
• İnvestisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi.

İnvestor dedikdə, investisiya fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident hüquqi şəxslər, onların filialları və daimi nümayəndəlikləri nəzərdə tutulur. Qaydaya əsasən investisiya layihəsi üzrə investorlar müsabiqə və ya birbaşa cəlbetmə yolu ilə seçilirlər.

“TİT” modelinə əsasən Qanunla müəyyən olunan tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərcləri (əldə ediləcək gəlir də daxil olmaqla) investora, investorun istehsal etdiyi mal və xidmətlərin satınalması yolu ilə istehlakçılar və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.
“TİT” modelinə dair müqavilə 49 ildən artıq olmayan müddətə bağlanır.